Nizaməddin Şaminin "Zəfərnamə"sində Şəki haqqında

NİZAMƏDDİN ŞAMİNİN "ZƏFƏRNAMƏ"SİNDƏ ŞƏKİ HAQQINDA

 (Mətnın farscadan tərcüməsi, şərh və qeydlər Aydın Məmmədovundur)

 

Müəllifin təvəllüd və vəfat etdiyi il qeyri müəyyəndir. 1393-cü ildə Bağdad teymurilər tərəfindən tutularkən orada yaşayırdı. Həmin vaxt əsir düşmüş, sonra isə N. Şaminin əla yazı-pozu qabiliyyətini nəzərə alan Əmir Teymur, onu öz yanına xidmətə götürmüşdür. Beləliklə, bizim müəllif, Əmir Teymurun sonrakı yürüşlərinin iştirakçısına çevrilir. 1401/02 (–h. 804)-cü ildə isə Əmir Teymur, N. Şami’yə öz zəfərlərini tərənnüm edən sadədilli bir tarix əsəri yazmaq barədə göstəriş verir. Bu sifariş əsasında işə başlayan N. Şami, “Zəfərnamə”ni qələmə alır və onu 1404-cü il aprelin 12-də şəxsən Əmir Teymura təqdim edir.

Tarixi mənbələrdə, daha sonra N. Şaminin adına 1405-ci il, yayın ikinci yarısında vaqe olmuş hadisələrin şərhində – Ömər mirza ilə vuruşmağa hazırlaşan və Şəki hökmdarı Seyid Əhmədin (1399 – 1423/1424 + [1] ) də daxil olduğu koalisiyanın qarşıdurması ilə bağlı olaraq, təsadüf edilir. Belə ki həmin vaxt Ömər mirzanın yanında olan şəxslərdən biri də N. Şami idi və o, qarşı tərəflə danışıqlarda iştirak edirdi. Deməli, N. Şami, Əmir Teymurun ölümündən sonra Təbrizdə yaşamış və onun nəvəsi Ömər mirzanın xidmətində olmuşdu.

Zamanəmizədək “Zəfərnamə”nin, üzü müxtəlif illərdə köçürülmüş bir xeyli əlyazma nüsxəsi gəlib çatıb. Əsərin Fleks Taur tərəfindən hazırlanmış 2 cilddən ibarət farsca elmi-tənqidi mətni (qeyd və şərhlər çex dilində) 1937 (1-ci cild) və 1956-cı illərdə (2-ci cild) Praqada çap oluunmuşdur. Necati Lüğonun etdiyi türkcəyə tərcüməsi isə 1949 və 1987-ci illərdə Ankarada nəşr olunub.[2] Sonuncudan istifadə etməklə, Akademik Ziya Bünyadov “Zəfərnamə” nin Azərbaycana aid hissələrini dilimizə çevirmiş və bunlar 1992-ci il-də Bakıda kitabça şəklində nəşr edilmişdir. Lakin “Zəfərnamə”nin 1956-cı il Praqa çapının mətni ilə müqayisədə Şəkinin adı çəkilən hissələrdən biri ora daxil deyil. F. Taurun hazırladığı mətndə rast gəlmədiyimiz Şəkiyə aid bir hekayət isə Z. Bünyadovun qeyd edilən iqtibaslar kitabçasında var.

Yuxarıda göstərdiyimiz kimi, N. Şami 1393-cü ildən Əmir Teymurun yanında xidmət etməyə başlamış və həmin vaxtdan da onun yürüşlərinin iştirakçısı olmuşdur. Deməli, mümkündür ki, əsərində təsvir edilən 1393-cü ildən sonraya aid hadisələr, o cümlədən bunlardan Şəkiyə aid olanlar (cəmi 3 epizod; Şəki hökmdarı Seyid Əhmədin Alıncaq qalasında öldürülməsi bəhs edilən bir hekayət istisna olmaqla yerdə qalan ikisi) məhz, müəllifin şəxsi müşahidəsinə əsaslanmış olsun.

 

M Ə T N

(Şəkiyə dair iqtibaslar)

 

...o qədər şikar düşdü ki çoxluğu hədd və ölçüyə gəlməz. Buna görə ləşgərlər kök ahuları seçirlər və arıqları saxlayırlar ki Şəki dağlarında qalsınlar. [Əmir Teymur] [Əmirzadə[3]] Dərviş Məhəmməd[i Şəkidə düşmənlərin dəfi üçün sərdar təyin edib yola salmaqla bərabər, Ərqunşahı və və Ramazan Xocanı Tanquta[4]] [və Əmir Cahanşahı başqa əmirlərlə] göndərdi ta ləkziləri (ləzgilər yaşayan yerlərə qədərki əraziləri, yaxud ləzgilər yaşayan yerləri də) qarət etsinlər [Digər əsgərlər Elbrus dağının ətəklərinə getdilər və harada bir qala gördülərsə yıxdıqdan sonra[5]] Qəbələ məkanında cəm oldular və Həzrətin bəndəliyi (–Ə.T.) [Əmir Məhəmməd bəyi[6]]  Aqcaba[7] göndərdi, [ sonra hamısı] [Kiçik Qarabağa[8]] getdilər və o yerdə Kür çayı üzərində qayıqlardan körpü gördülər və Sorxab[9] qalasını tutdular və  o yerdən… Bərdə tərəfə gəldilər[10]

 

 

Tifliş şəhərinə və oradan hərəkətlə – yolda ovlanmaq surətiylə Şəki vilayətinə gəldi. Vilayət əhalisini itaət altına almaq üçün əsgərləri irəli sürərək yola çıxmalarına əmr buyurdu. Əmir Hacı Seyfəddin, Cahanşah bahadur və digər əmirlər, fərmana tabe olub yola çıxdılar. Vilayəti itaət altına aldılar, itaət etməyənləri yağma etdilər. Şeyx Nurəddin bahadur bir ordu ilə dağlar tərəfə getməyə qərarlaşdı. Seyyid Əli mal və mülkündən keçərək qaçmaq yolunu tutdu. Onun vilayətlərini xaraba və viran etdilər və əsgərlər bu vəzifəni yerinə yetirdikdən sonra Əmir Teymurun yanına getdilər.[11]

 

 

…[Əmirzadə Əmiranşahın] necə ki daha əvvəl ağlının dönməsi qanına[, yəni xasiyyətinə] keçmiş idi, Ondan haqsız yerə bir adamın üstünə düşmək kimi adətinə uyğun olmayan bir hərəkət  sadir oldu. Dost və düşmən birlikdə Ondan uzaqlaşmış oldular. Daha bu dərəcəyədək ki, Seyid Əli Şəki, baxmayaraq ki daha əvvəl tabe olur və itaət edirdi, müxalifət göstərdi və [Georginin[12]]gürcü ləşgəri ilə Sultan Tahir bin Sultan Əhməd ki Alıncaq qalasında mühasirədə idi, [köməyə] getdi. Üməra ki o yerin mühasirəsi ilə məşğul idilər, birlikdə fərar etdilər –Əmirzadə Əmiranşah bahadırın yanına getdilər və həmin saat Əmirzadə Əmiranşah [öz oğlu] Əmirzadə Əbubəkrə, hazır ləşgərlərlə əks-hücum buyurub, Seyid Əli [Şəki[13]]nin dəfinə göndərdi; və Onlar Alıncaq qalasının ətrafında idilər, ora çatdılar. Seyid Əli də yolun bir döngəsində həmlə yetirdi və diqqət verməyərək,[Əmirzadə Əbubəkrin əvəzinə(?)] digər birinin üzərinə şığıdı və bərk cəng oldu və o mərəkədə Əmirzadə Əbubəkr bahadır bir ox atar ki, [bu ox] Seyid Əlinin dəbilqəsinin zireh ətəyi üzərinə getdi [və] zirehdən keçərək şah damarına sancıldı; və Seyid Əli necə ki dağın bir zirvəsindən,  həmən bir yaraya minik heyvanının (–atının ?) belindən yıxıldı və [beləcə də] həlak oldu; və Sultan Tahir, Əmirzadə Əbubəkrin yetişməsindən qabaq qaladan çölə çıxmış idi və Seyid Əhməd namlı əlaltısını, Sərkiz namlı [erməni[14]] ilə Alıncaq qalasına müqərrər (– rəsmən təyin olunan) edib, elə ki Seyid Əlini o vaqiə yıxdı, [Cəlair xəzinəsini və qohumlarını götürüb[15]]gürcülərlə birlikdə Grcüstan tərəfə fərar etdi və ondan sonra Bağdada – atasının yanına getdi; və Əmirzadə Əbubəkr [Alıncaq qalasını mühasirə etmiş əmirləri] sabiq qayda üzrə yenə Alıncaq qalasının mühasirəsinə müqərrər buyurub və Seyid Əli Şəkinin başını bədənindən ayırtdırıb atasının [– Əmiranşahın] yanına gətirdi[16] və bu səbəbə bir nökəri Səmərqəndə (əslində, Hindistana)  göndərdilər.[17]

…Əmir Şeyx İbrahim ki, Həzrət sahib qirani süfrəsində o şirvanşah əhd [etmiş] idi Seyid Əhməd bin Seyid Əli Şəkini Həzrətə (– Ə.T.a) gətirib Onun günahını bağışlatsın və Həzrət sahib qirani Onun günahını bağışlayıb [və Seydi Əhməd] dövlət astanasını öpməyə çatdı və çoxlu soyurğallar (– irsi torpaq mülkü) və saysız hesabsız inayətlər qazanıb digər [əzizlənən] üməra zümrəsinə qatıldı; və Əmir Şeyx İbrahim toy tərtib edib o qədər at və qoyun kəsmiş idi ki, mətbəxtçilər onu bişirməkdə aciz oldular. O peşkəşlərdən sonra, canlı şikar növləri və qulamlar və cariyələr (– yeniyetmə qız kənizlər) və qumaşlar və silahlardan qeyri və o cümlədən, altı min at çəkdi.[18] Əvvəlinci kərələr Gürcüstan tərəfə Həzrət sahibqiraninin buyrulan basqın söhbəti kimi, gürcülərinki də daha əvvəl söylənilmiş oldu ki Alıncaq qalasına getdilər və Sultan Tahir  Sultan Əhməd oğlunu bu yerdən kənara apardılar və Seyid Əli Şəki, Əmirzadə Əbubəkrin əli ilə qətlə yetirildi və gürcülər öz kutvallarını (– komendatlarını) Alıncağa qoydular. Ona görə, səltənətin və cahangirliyin namusu baxımından lazım göründü ki, o yoldan çıxmışlardan intiqam üçün bütün Gürcüstan üzrə acınacaqlı vəziyyət yaratsınlar. O cümlədən, Həzrət Sahibqiranın hökmü qüvvəyə mindi ki, bütün ləşgərlərdən hər on nəfər süvari və piyadadan üç nəfər bu basqına rəvanə (– gedən) olsunlar və on günlük azuqə götürsunlər və qalan əsgərlər də qışlaq yurdunda məqam …[19] [gözləsinlər.][20]

<<< Ana səhifə

Bizimlə əlaqə: shekitarixi@gmail.com

[1] Seyid Əhməd 1399-cu ilin yanvar ayında hakimiyyətə başlayıb və Şəki hökmdarı kimi tarixi mənbələrdə onun adına axırıncı dəfə 1423/1424-cü il hadisələri ilə əlaqədar olaraq təsadüf edirik. Bəzən onun 1382 –1438-ci illərdə hakimiyyətdə olduğu göstərilir (Bax: Сведения о народах Кавказа (1404 г.)( Иоанн де Галонифонтибус), Баку –1979, qeyd: 139; yaxud: Путешествие по Европе, Азии и Африке (Иоганн Шильтбергер). Баку –1984, qeyd: 181), lakin əlbəttə ki  bu səhvdir.

[2] Bu nəşrlə tanış ola bilməmişik.

[3] Bu yalnız Z. Bünyadovun türkcədən çevirməsində var. Bax: Nizaməddin Şami (1992), səh. 11–12

[4] Bu yalnız Z. Bünyadovun türkcədən çevirməsində var. Bax: Nizaməddin Şami (1992), səh. 11–12

[5] Bax, 23-cü qeydə.

[6] Bax, 23-cü qeydə.

[7] Fikrimizcə, bura müasir Azərbaycan Respublikasının Ağdaş rayonu ərazisinə uyğun gəlir.

[8] Bax, 23-cü qeydə.

[9] Bu toponimin farsca mənası «qırmızı su» deməkdir. Sorxab qalası 16-cı əsrin birinci yarısında Şirvanşahlara məxsus idi və onların öz əraziləri üzrə ən qərbdə, Qəbələ ilə Kür çayı arasında yerləşən müdafiə istehkamı idi.  Arxeoloq F. V. Qədirov’a görə Sorxab, indiki Göyçay və Türyançay dərələri arasında, Ərəb Kükəl kəndindən şimalda, Surxayxan dagının zirvəsində olub və indi də xarabalığı həmin yerdə qalmaqdadır. Lakin tədqiqatçı etiraf edir ki, yerli əhali həmin qalanı Sorxab yox, ya  Surxayxan, ya da  Qaraçala  adlandırır.( Bax: F. V. Qədirov (1984), səh. 79).

[10] Nizamuddin Şami (1956), səh. 57; necə ki F. Taur bu hissəni Zəfərnamə-nin müxtəlif əlyfzma nüsxələrinin, o cümlədən ondan köçürülmüş digər əsərlərin müvafiq mətninə əsasən «montaj» etmişdir, eləcə, biz də orada, sözlər arasında olan rabitəsizliyi aradan qaldırmaq üçün Z. Bünyadovun türkcədən çevirməsinə və Ş. Ə. Yəzdi Zəfərnaməsi’nin Daşkənd nəşrinə əsasən müəyyən əlavələr etdik.

[11]  Nizaməddin Şami (1992), səh. 11–12

[12] Mətndə:  ərgin;  Bizim tərəfimizdən redaktə edilmiş variant isə Rövzətüs-səfa mətninin müvafiq bəhsinə əsasəndir.  Orada: Gorgin (–Georgi) hakim-e Gürcüstan (Bax: səh. 98 ميرخواند (۱۲۷۱)، )

[13] Nəşrdə çex dilində qeyd edilib: Ajoutẻ par celui qui collationna le manuscrip Z.Voir p. XVIII 

[14] Bax əvvəlki qeydə.

[15] Bax əvvəlki qeydə.

[16] Necə ola bilər ki, teymurilər uzaqdan atdıqları oxla öldürdukləri Seyid Əlinin başını rahatca kəsə və hələ üstəlik, Təbrizə də apara bilərdilər? Axı onlar özləri acınacaqlı məğlubiyyətə uğramış, qaçmağa üz qoyaraq döyüş meydanından canlarını zorla qurtarmışlar! Yəqin ki N. Şami Əmir Teymurun qəzəbindən qorxaraq teymurilərin məğlubiyyətini ört-basdır etmək üçün belə yazmağa məcbur idi və həmin səbəbdəndir ki, buradakılar Ş. Ə. Yəzdinin Zəfərnamə’sində öz əksini tapmamışdır.

[17] NIZAMUDDÍN ŠAMÍ (1956), səh. 148.  Ş. Ə. Yəzdiyə nisbətən, N. Şaminin müvafiq bəhsi, həcm və təfsilatca bir qədər kəm olsa da bəzi təfərrüat yalnız burada var. Məsələn, Sultan Tahirin Alıncaq qalasına təyin etdiyi şəxslərdən birinin adı (və milliyyəti); Seyid Əli Orlatın dağın bir zirvəsindən, minik heyvanının belindən yıxılaraq həlak olması və başının isə kəsilərək Təbrizə aparılması; nəhayət, məlum hadisə haqda Əmir Teymura məlumat verilməsi üçün bir nökərin Səmərqəndə (– əslində Hindistana) göndərilməsi...

[18] Ola bilsin ki, Şirvanşah Şeyx İbrahim həmin şeyləri, əslində, Şəki hökmdarı Seydi Əhmədin “əfv olunması”nın əvəzində təqdim edib. Belə ki İbn Ərəbşahda görürük ki, o, Şəki ölkəsinin bir hissəsində yaşayan sakinlərin də «bağışlanması» üçün Əmir Teymura çox böyük miqdarda mal-dövlət vermişdir və bu hərəkətini onunla əsaslandırmışdır ki, qonşuları çox kasıb yaşadıqlarından özləri heç nə verə bilməzdilər. Sözsüz ki, o dövrlərdə dünyanın ən mühüm ticarət yollarının Şirvandan keçməsi, orada neft mədənlərinin olması və s. şeylər şirvanşahlara külli miqdarda qazanc gətirməkdə idi və onlar bu xüsusda bəxti gətirməmiş Şəki hökmdarlarından qat-qat varlı olmaqla, istənilən vaxt həmin qonşularının da əvəzinə mal-dövlət sərf edə bilərdilər.

[19] NIZAMUDDÍN ŠAMÍ (1956), səh. 153 – 154.  

[20]  Mərhum akademik Ziya Bünyadovun türk dilindən (əsəri bu dilə farscadan Necati Lüğon tərcümə etmişdir) çevirməsidə xeyli konkretləşdirmə var: “Bundan əvvəl Şəki vilayətinin hakimi olan Seyyid Əlini öldürdükdən sonra, oğlu qiyam edərək atasının yerinə keçmişdi. O, Əmir Teymurun gəldiyini eşidib qorxdu və Şirvan məliyi Şeyx İbrahimi vasitəçiliyə sövq edib, Əmirin yanına gəlir, itaətini ərz edir və yeri öpmək şərəfinə nail oldu, qüsurlarından dolayı əhv və mərhəmət dilədi. Əmir Teymur onu əzizləyəb təltif etdi, sonra da atasının mənsəb və məqamını özünə verdi.” Nizaməddin Şami (1992), səh.18.         

*