Şəki xanlığının bayraqları

   1805-ci ilin mayında Qarabağ və Şəki xanlıqları ilə Rusiya imperiyası arasında imzalanmış Kürəkçay müqavilələrinə görə Şəki xanlığı da Rusiya təbəəliyini qəbul etdi. Lakin bir il sonra Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi, o cümlədən , Şəki xanı Səlim xanın bacısı olan həyat yoldaşı ilə birlikdə qətlə yetirildikdə, Səlim xan itaətdən çıxaraq, Şəkidə yerləşdirilmiş rus qarnizonunu xanlığın hüdudlarından çıxara bildi (Azərbaycan tarixi. c. IV, s. 22.) 1806-cı il oktyabrın 22-də Nuxa (Şəki) yaxınlığında baş verən həlledici döyüşdə Səlim xanın qoşunu məğlub edildi. Rus general-mayoru Nebolsinin başçılıq etdiyi dəstənin ələ keçirdiyi qənimətlər içərisində xanlığın altı bayrağı da olmuşdur. Onlardan üçü (inv. sayları 451, 452, 455) hazırda Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.

    451 №-li inventar altında saxlanılan, ölçülərinə görə Şəki xanlığına məxsus bayraqların ən böyüyü olan bayraq (245 x 237 sm), beşbucaqlı formasındadır. Moruq rəngli orta hissəsi sarı ipək saplarla və güləbətinlə işlənmiş ornamentlərlə örtülmüşdür. Bayraq qumaşı xara (zərxara) parçadandır. Bayrağın kənarlarına yaşıl xara parçadan enli haşiyə salınmışdır. Ortada, güləbətin saplarla işlənmiş şaquli istiqamətli xətlər arasında, sarı ipək saplarla cərgə-cərgə səkkizguşə və altıguşə ulduzlar, həndəsi qab fiqurları çəkilmiş, onların arasında isə, dəyirmi, rombvarı və üçbucağa oxşar kiçik fiqurlar salınmışdır.     Bayrağın yaşıl xaradan olan haşiyəsi üzərində sarı ipək saplarla şahmat qaydasında səkkizguşə ulduzlar çəkilmişdir.     Eyni təsvirlər bayrağın astar tərəfində də mövcuddur. Bayrağın parça hissəsinin bəzi yerləri zədəlidir. Açıq-qəhvəyi boya ilə rənglənmiş bayraq sapı (uzunluğu 289 sm, kəsikdə diametri 3,8 sm) bir çox yerlərdə çatlamışdır. Dəmir ucluq (uzunluğu 52 sm) üç hissədən ibarətdir. Konusvari borunun üst tərəfində qabarıq kəmərlik qoyulmuş, başına içi boş "alma" taxılmışdır. "Alma"nın üst hissəsinə dəmirdən dördtilli süngü keçirilmişdir. Milli Azərbaycan Tarixi Muzeyində 452 №-li inventar altında saxlanılan Düzbucaqlı üçbucaq formasında olan bayrağın (ölçüləri 143 x 105 x 93,5 sm) üz və astar tərəfləri müxtəlif növ parçalardan tikilmiş, 1926-cı ildə bərpa zamanı üz astardan ayrılmışdır. "Qafqaz Hərbi Tarix Muzeyi üzrə bələdçi" kitabında verilmiş qısa məlumata görə, məğlub edildikdən sonra xan adından məhrum edilmiş şəkili Səlim xana mənsub olan bu döyüş bayrağı, yuxanda qeyd edildiyi kimi, 1806-cı ildə baş verən hücum zamanı düşmənin əlinə keçmişdi. Yenə həmin mənbəyə görə, bayraq 1606-cı ildə hindistanlı Hacı Hüseyn tərəfindən hazırlanmış, Nadir şahın Hindistan yürüşündə əldə etdiyi qənimətlərdən olmuşdur. Tarixən məlumdur ki, Nadir şahın bir qədər əvvəl Şəki valisi təyin etdiyi Hacı Çələbi Şəki vilayətini müstəqil xanlıq, özünü isə xan elan etmişdi. Yalnız uzun müddət (1744-1746) davam edən qanlı döyüşlərdən sonra "Gələsən-görəsən" qalasında mühasirəyə alınmış Hacı Çələbi Nadir şah hakimiyyətini tanıdığını bildirdi. Nadir şaha məxsus bayraq elə həmin dövrdən Şəki xanlığının bayraqlarından biri oldu (bu bayrağın hədiyyə və ya döyüş qəniməti kimi əldə edilməsi haqqında məlumat yoxdur).     Bayrağın üz tərəfində sarıya çalan açıq qəhvəyi (bej) tirmə parçanın yerliyində cərgə ilə butalar salınmışdır. Qırmızı çiçək və yaşıl yarpaqlardan tərtib edilmiş butaların bir cərgəsi sola, digəri isə sağa tərəfdir. Bayrağın açıq qəhvəyi (bej) rəngli saya parçadan olan astar hissəsinin üzərində əvvəldən olan sanskrit yazılarla yanaşı, sonradan ərəb və fars dillərində əlavələr edilmiş, Quranın müxtəlif surələrindən ayələr, eləcə də həmin ayələrin başlanğıcında mənası, məqsəd və mahiyyəti bu gün də alimlər üçün anlaşılmaz qalan, "Allahın sirri" hesab edilən bir və ya bir neçə hərf verilmişdir ( mim, ha, mim, dəl; dəl, mim, ha və s.). Bayraq qumaşı üzərindəki yazılar onu üç hissəyə - ortada yerləşən böyük kvadrata və kənarlarda yerləşən iki düzbucağa bölür. Böyük kvadrat hər birində Quran ayələrindən ayrı-ayrı sözlər olan kiçik kvadrat xanalara (100 x 100) bölünüb. Böyük kvadratın aşağı haşiyələrində və bütövlükdə bayrağın kənarlarında da Quran ayələri verilmişdir. Düzbucaqlı üçbucaqlarda da içərisində Quran yazıları olan kvadrat xanalar, müxtəlif ayə və kiçik surələr yerləşdirilmiş, Allahın epitetləri qeyd edilmiş, sağ düzbucaqlıda, həmçinin, döyüşdə qələbəyə inam və ümid yaradan Quran ayəsi "Kömək allahdandır və yaxın qələbə" - verilmişdir.

     Bayrağın üz tərəfində demək olar heç bir zədə olmasa da, astar hissəsindəki yazıların bir hissəsi muzeydə saxlanma şəraitinin qənaətbəxş olmaması üzündən pozulmuş, hətta oxunmaz hala düşmüşdür. Bununla belə, bəzi silinmiş, lakin çox mühüm olan yazılar muzeyə təhvil verilərkən tj onun elmi pasportunda (görünür, muzeyin o illər əməkdaşı olan İsa Əzimbəyov tərəfindən) ərəb əlifbasında (bayraqda olduğu kimi) qeydə alınmışdın "Böyük sultan, ən böyük xaqan, insanların başlarının ağası Nadir şah, Allah onun hakimiyyətini əbədi etsin, 1155/1742-43-cü il".

Bayraq sapı (uzunluğu 297 sm, kəsikdə diametri 3,8 sm) qara və yaşıl rənglərə boyanmışdır. Mis ucluq (uzunluğu 29 sm) üç hissədən ibarətdir. Konusvari borunun başına əzilmiş kürə formasında olan "alma" taxılmışdır. Üst hissə ortası qabarıq, yarpaq formasında kəsilmiş içi boş ucluqdan ibarətdir. Bütün ucluq qızıl suyuna salınmışdır. Yarpağı uzunluğu 26 sm, eni 16 sm, qalınlığı 16 sm-dir.

    

   Düzbucaqlı üçbucaq formasında ikiqat ipək parçadan əl ilə tikilmiş bayrağın (ölçüləri 224 x 178 x 137sm) zamanın təsirindən çox solmuş naxışlı çəhrayı qanovuzdan olan bir üzündə mavi və qızılı saplarla gül budağı üstün

də oturmuş və dimdik-dimdiyə dayanmış quş və balıq təsvirləri toxunmuşdur (453 №-li inventar altında saxlanılır). Bayrağın göy xara ipəkdən olan o biri üzünə, qızılı ipək saplarla toxunmuş uzunsov yarpaqvari damaların içinə qızılı və yaşıl saplarla gül ornamenti salınmışdır. Bayrağın iki tərəfdən kənarlarına saçaq çevrilmiş, nazik zərxara köbə üzərində quş, dovşan, gül və yarpaq təsvirlərindən ibarət ornament salınmış, köbənin qırağına güləbətin saplardan saçağı olan ensiz qızılı lent tikilmişdir. Qumaşın bayraq ağacına taxılması üçün tikilmiş üst sapı qara, alt sapı qəhvəyi rəngdə olan nazik ipək (liberti) torbacıq zamanın təsiri ilə demək olar tamam üzülərək sap halına düşmüşdür.       Bayraq ağacının sapı (uzunluğu 228 sm, kəsikdə diametri 3,6 sm -dir) qara boya ilə örtülmüşdür. Qızıl suyuna salınmış üç hissəli mis ucluq (uzunluğu 52 sm, eni 12 sm) konusvari borudan, ona taxılmış içi boş "alma"dan və "alma"nın üst hissəsinə birləşdirilmiş ortası qabarıq, kənarları qırçınlı içi boş yarpaqdan ibarətdir. Mənbə >>