Ədalət Tahirzadənin "Şəkinin tarixi qaynaqlarda" kitabı
Ədalət Tahirzadənin
"Şəkinin tarixi qaynaqlarda" kitabı
Ədalət Tahirzadənin 2005-ci ildə «Master» nəşriyyatında çapdan çıxmış «Şəkinin tarixi qaynaqlarda» adlı kitabı, Şəki tarixinə dair ən sanballı nəşr oldu. Kitabda 19-cu əsr və 20-ci əsrin əvvəllərində ərəb əlifbası ilə qələmə alınmış, yaxud çap olunmuş Şəkinin tarixinə dair əsərlərin müasir əlifbaya transliterasiyası, bunların müəllifləri haqqında geniş məlumatlar və s.lər verilmişdir. Tədqiqatçının – filologiya elmləri namizədi Ədalət Tahirzadənin zəhməti nəticəsində Şəki tarixi ilə maraqlanan sonrakı tədqiqatçıların işi xeyli yüngülləşir: Təsəvvür edin, həmin əsərlərdən əlyazma şəklində olanları oxumaq üçün şəxsən mən, Əlyazmalar İnstitutunun oxucu zalında günlərlə otururdum, bəzən, adi «cızma-qaradan» ibarət olan bir sətri düzgün oxumaq üçün neçə saat vaxt sərf edirdim, elə də olurdu ki bir nəticə hasil edə bilmirdim, indi isə əlimin altında onların peşəkar tərəfindən edilmiş transliterasiyaları var! Məhz, Ə. Tahirzadənin zəhməti sayəsində Mirabbas Mirbağırzadə və Ələşrəf Kərimovu (İsmayılovu) oxuyub, 1-ci dünya müharibəsi nəticəsində Səki şəhərində yaranmış acınacaqlı vəziyyətlə – qəlbimizi göynədən, gözümüzü yaşardan dəhşətli statistika ilə tanış olmaq imkanı qazandıq. Həmin müəlliflərin yazdıqlarından məlum olur ki, ötən əsrin 20-ci illərinə yaxın, Şəki şəhərində təxm. 55 min adam yaşayırmış, 8 min fəhlə var imiş. Bu vaxt iqtisadi böhran başlayır, Şəki iqtisadiyyatının əsasını təşkil edən ipəkçilik, baramaçılıq tənəzzülə uğrayır. Fabrik və zavodlar dayanır, nəticədə 8 min fəhlə və 25 min nəfər fəhlə külfəti (orta hesabla hər fəhləyə 3 nəfər ailə üzvü), cəmi 33 min nəfər acından ölür! Bizi təsirləndirən həm də budur ki, eyni vəziyyət 90-cı illərin ortalarında da təkrar olunmuşdur. Müqayisə edin: Yenə o qədər əhali, yenə o qədər fəhlə, yenə iqtisadi tənəzzül, yenə fabrik və zavodlar dayanır, üstəlik, normal həyat üçün başlıca amil olan qaz və elektriki də kəsirlər. Təsəvvür edin, Cənubi Qafqazda ən birinci elektrikləşmiş sənaye şəhəri 10 il işıq üzünə həsrət qaldı; 1994-cü ildə bir gecədə çörəyin qiyməti 5 dəfə (!) 50 manatdan 250 manata qalxdı... Deməli, yenə Şəki şəhərinin azı 33 min sakini acından ölmək təhlükəsi üz-üzə dayandı!
İş olan yerdə səhv də olar. Bütün böyük işlərdə mütləqa kiçik xətalar var, o cümlədən, bu kitab da bir sıra nöqsanlardan xali deyil. Onlara əhəmiyyət verməmək də olardı. Lakin öz-özlüyümüzdə belə fikirləşdik ki, həmin kitabı mütaliə edərkən ona qarşı ürəyimizdə baş qaldıran iradları və gözümüzə çarpan nöqsanları Vətən tarixçiliyi naminə, vaxtında, açıq-aşkar bildirməliyik! Çünki lap başlanğıcda göstərdik ki “bu kitab Şəki tarixinə dair ən sanballı nəşr oldu” və mümkündür ki tezliklə təkrarən çap edilsin, məhz, o halda da bizim iradlarımız nəzərə alınsın, göstərdiyimiz nöqsanlar isə aradan qaldırılsın:
Yaxşı olardı ki, kitabın adının altında, mötərizə içində belə göstərilərdi:
(Şəki tarixinə dair 19-cu əsr və 20-ci əsrin əvvəllərində ərəb əlifbası ilə qələmə alınmış, yaxud çap olunmuş əsərlərin müasir əlifbaya transliterasiyası).
Belə ki Şəki tarixinə dair rus və digər dillərdə olan qaynaqlar, həmçinin, 19-cu əsrdən əvvələ aid qaynaqlar bu kitaba daxil deyil.
Yaxşı olardı ki, Mustafa ağanın yazığı «Tərcümeyi-hal» ixtisarsız verilərdi.
Anonim müəllif tərəfindən 1866-cı ildə qələmə alınmış və Əlyazmaları İnstitutunda B-3159/13840 şifrə altında saxlanılan “Hekayət-i əhvalat-i sabiqe-yi xəvaninin-i Nuxu” əsəri bu kitabda tamamilə əsassız olaraq Mustafa ağa Şuxinin müəllifliyi ilə verilmişdir. Doğrudur, Mustafa ağa da Şəki tarixi qələmə almışdır və həmin əsər İ. L. Seqalın 1902-ci ildə Tiflisdə rus dilində çap olunmuş “Yelisavetopolskaya quberniya” kitabında rus dilində verilmişdir. Bunu Ə. Tahirzadə özü də 18-ci səhifədə göstərir. Ancaq nədənsə, yanlış nəticə çıxararaq Seqaldakı Şəki tarixi ilə “Hekayəti…Nuxun”nu eyniləşdirir. Halbuki, Seqalın söhbət açdığı Şəki tarixində Qutul xanın oğlu tərəfindən Kişin və Xaçmazın “udel” knyazlıqlarının tabe edilməsi, sonra, paytaxtın Daşüzdəki Arvatana, yəni Şəki şəhərinə köçürülməsi və s. hadisələr barədə çox əhəmiyyətli məlumatlar vardır ki, bunlara nəinki, «Hekayəti... Nuxu»da, hətta, yerdə qalan digər Şəki tarixlərində də təsadüf etmirik. Bundan başqa, “Hekayəti... Nuxu”nun müəllifi, əsərin bir neçə yerində Kərim ağanın adını çəksə də, bu adla yanaşı, heç olmasa, bircə dəfə də olsun, “mənim atam” ifadəsini işlətməmişdir...
Həmçinin, Ə. Tahirzadə 18-ci səhifədə yanlış nəticə çıxararaq göstərir ki bu əsərdəki “...Dərviş Məhəmməd xan haqqindakı geniş məlumat başqa qaynaqlarda yoxdur.”. Əslində isə o barədə bütün Səki tarixlərində verilmiş hekayətlər İsgəndər bəy Türkmanın “Tarix-i aləm ara-i abbasi” əsərindən götürülmədir. İsgəndər bəy isə onu Həsən bəy Rumlunun “Əhsən üt-təvarix”indən əxz etmişdir. 19-cu əsrin Şəki tarixçiləri “Tarix-i aləmara-yi Abbasi”dən fərqli olaraq Dərviş Məhəmməd xan dövrü üzrə ən yaxın mənbəni – “Əhsən üt-təvarix”i tanımırdılar, ona görə də məlum hekayətin ən geniş variantı da onlara məlum deyildi. Yeri gəlmişkən, biz onu lk dəfə fars dilindən tərcümə edib “Şəkinin səsi”ndə dərc etmişik.
Ə. Tahirzadə ilk dəfə “Şəki xanlarının ixtisar üzrə tarixi”nin elmi-tənqidi mətnini yaratmağa cəhd etmiş və bu işə, az-çox, nail olmuşdur. Yaxşı olardı ki, o, 12 -17-ci səhifələrdə “Şəki xanlarının ixtisar üzrə tarixi”ndən bəhs edərkən həm də göstərərdi ki:
“Azərbaycan dilində qələmə alınmış “Şəki xanlarının ixtisar üzrə tarixi”, 1858-ci ildə, fars dilində yazılmış ən məşhur tarix əsərlərindən çıxarışlarla yanaşı nəşr edilməklə məşhurlaşdı, Azərbaycan dilində yığılmış mətnə malik ilk nəşrlərdən biri, həm də Azərbaycan dilində çap edilmiş birinci tarix əsəri oldu!”
Ə. Tahirzadə, transliterasiya etdiyi əsərlər kimi, onların müəlliflərini də mümkün qədər ətraflı öyrənməyə çalışmış, kitabında hər şeydən əvvəl, bu barədə geniş məlumat verməyə cəhd etmişdir. Yaxşı olardı ki o, Kərim ağa Fateh və oğlanlarından söhbət açarkən, bəzi arxiv sənədlərinə də istinad edərdi. Məsələn, Dövlət Tarix arxivində saxlanılan (fond 37; s.v. 25) 1848-ci ildə tərtib olunmuş Nuxa bəylərinin siyahısında belə göstərilir:
Kərim ağa Fətəli xan oğlu – 60 yaş
oğlanları:
Əbdülhəmid ağa – 22 yaş;
Mustafa ağa – 17 yaş;
İsmayıl ağa – 12 yaş;
Cəfər ağa – 8 yaş.
Yaxud, (fond 10; s.v. 79) 1860-cı ildə tərtib olunmuş analoji sənəddə belə qeyd edilib:
1.Kərim ağa – ölüb;
oğlanları:
2.Əbdülhəmid ağa -34 yaş;
3.Mustafa ağa -29 yaş;
4.Cəfər ağa – 20 yaş;
5.İsmayıl ağa
oğlanları:
Hüseyn ağa 3 yaş;
Abbasqulu ağa 1 yaş.
6.Məmməd ağa -1 (yeni anadan olub).
Bu sənədlər əsasında Kərim ağanın, onun oğlanlarının, o cümlədən Mustafa ağanın təvəllüd ilini dəqiqləşdirmək mümkün idi. Ə. Tahirzadə isə 10-cu səhifədə Mustafa ağanın 1831-ci ildə anadan olduğunu göstərə bilmir. Həmin sənədlərdən bu da məlum olur ki, Kərim ağanın ölümünə yaxın (1859-cu il, 73 yaş), yaxud ölümündən az sonra Məmməd ağa adlı bir oğlu da doğulmuşdur! (Yeri gəlmişkən, Məmməd ağanın nəslindən olan yaşlı bir qadın, Şəki İH binasından bir xeyli yuxarıda yerləşən evdə yaşayırdı və 5-6 il əvvəl biz şəxsən onunla söhbət etmişik.)
215 – 234-cü səhifələrdə 95 maddeyi-tarix yerləşdirilmişdir ki, bunlardan bir çoxu Şəki tarixinin öyrənilməsi işində müstəsna əhəmiyyət kəsb edə bilər. Məsələn, 87-ci maddeyi-tarixdə göstərilir ki, Tuti ağa “Cümə məscidinin qabağında, atasının yanında dəfn olunub”. Tuti ağanın “Xan qəbristanlığı”nda torpağa tapşırılması bizə məlum idi, belə ki adı çəkilən mərhumənin baş daşı hal-hazırda oradadır. Onu atasının – 1830-cu ildə Həştərxanda dünyasını dəyişmiş Məhəmməhəsən xanın qəbrinin isə Şəkidə olduğunu bilmirdik. Məhz, bu maddeyi-tarix əsasında da məlumumuz oldu ki, Məhəmmədhəsən xanın nəşi Həştərxandan Şəkiyə gətirilmiş və “Xan qəbristanlığında dəfn edilmişdir. Əgər, onun qəbrinin üstündə baş daşı olubsa (ola bilərmi ki olmasın?), yəqin ki o, dövranın sınağından çıxa bilməmiş və zəmanəmizədək gəlib çatmamışdır. Necə ki Məhəmmədhəsən xanın atası Məhəmmədhüseyn xanın da qəbri orada – “Məscidin mehrabı altında”dır, lakin baş daşısı yoxdur (Bizlərdə də bir mərifət yox ki, şair – xanın, Müştaqi’nin baş daşını dikəldək! Bilmirəm, yeridir, ya yox, amma deyəcəm: Şəkili! Məhəmmədhüseyn xanın qəbrini tanımırsan, Məhəmmədhəsən xanın qəbrini tanımırsan, amma bəlkə yüz dəfə, min dəfə o qəbirlərin yanından keçmisən, tanısaydın nə olardı?! Onlar öz zəmanələrinin ən məşhur adamları, tarixi şəxsiyyətlər idilər, onlar sənin tarixindir, deməli sən öz tarixini tanımırsan! Tanısaydın nə olardı Xan sarayını tikdirən şəxsin qəbrini, o elə bir saray tikdirdi ki dünyada məşhurdur, baxdıqca baxmaq istəyirsən, amma özü ona doyunca baxa bilmədi, tikdirəndən sonra hələ 35 il yaşasa da, bunu bilirsənmi? Nə isə...).
23-cü maddeyi-tarixdən isə Divanxananın, yəni indiki Xan sarayının tikintisinə başlanılma tarixi (hicri: 1204 (1789/90)-cü il) məlum olur. Elmi ədəbiyyatda isə bu çox vaxt səhvən, 1760 – 1765-ci illər hesab edilirdi.
Ə. Tahirzadə özünün göstərdiyi kimi, maddeyi-tarixləri tərtib etmək üçün, 5 mənbədən istifadə etmişdir. Bu xüsusda bizim iradımız isə ondan ibarətdir ki, o, B-589/10505 sifrəli əlyazmasından istifadə etsə də, 58 a səhifəcində Çələbi əfəndi Zari tərəfindən deyilmiş Şəkiyə dair 2 məşhur maddeyi-tarixi, hansılar ki onları S. Mümtaz 1925-ci ildə çap olunmuş məqaləsində verib, nədənsə, kitabının müvafiq bölməsinə daxil etməmişdir. Yeri gəlmişkən, həmin maddeyi-tarixlərdən biri “Hüseyn xan imarətinin”, yəni indiki “Şəkixanovlar evinin” tikilməsi münasibəti ilə qələmə alınıb. Məlumat üçün əlavə edək ki, “Xan sarayından” əvvəl, hicri 1183(1765/1766)-cü ildə tikilmiş bu bina, əvvəllər qala divarları ilə əhatə olunmuşdu, başqa sözlə, o, qalanın içində idi. Məhəmmədhüseyn xanı da məhz, həmin evdə güllə ilə yaralayıb tutmuşdular. Ora “muzəyyən otaq“, yaxud “qurğuşunlu otaq” da deyirdilər. Yeri gəlmişkən, “Şəkixanovların evi” olan məhlə yəqin ki əvvəllər “muzəyyən otaq eşiyi”, ya da “Qurğuşunlu otaq eşiyi” adlanıbmış ki, sonralar birinci söz ixtisara düşərək “Otaq eşiyi” qalmışdır, belə ki hal-hazırda həmin məhləni bu adla tanımaqdayıq. “Şəkixanovların evi” indi rəsmən Ə. Cəfərovun mülküdür. O, ötən əsrin 90-cı illərində oranı özəlləşdirmişdir. Bizim məlumatımıza görə, daha əvvəl, həmin əsrin 70-cı illərinə yaxın, bu ev 3 nəfər – Ə. Cəfərovun atası, Şəkixanovlar nəslindən olan başqa adam və o nəsildən olmayan, əslən Qəbələli olan digər bir şəxs (40-cı illərdə Fətəlixan (Əlixan) Şəkixanov öz payını ona satıb) arasında bölünmüşdü. Dövlət, o vaxt evin 3 sahibinin hər birinə onları qane edən qədər pul verib binanı satın almış və tarixi abidə elan etmişdir. Amma 90-cı illərdə Ə. Cəfərov dövlətə müəyyən qədər pul qaytararaq evin hamısını aldı. Bəziləri bu işin qeyri-qanuni olduğunu iddia edirlər. Amma hər halda, şükür etmək lazımdır ki, o evi başqası yox, məhz, Ə. Cəfərov almışdır, çünki bu şəxs binanın muzey kimi qalmasının tərəfdarı idi və orada da məskunlaşmaq fikrinə düşməmişdi. Binada indi, vur-tut, bir otaqda divar fleksiyaları var. Ötən əsrin əvvəllərində də belə olub. Bizim fikrimizcə, o ev tikiləndə də cəmi bir otağı naxışlı olmuşdur və məhz, həmin səbəbdən də ora “müzəyyən otaq”, “quğuşunlu otaq” deyiblərmiş.
Göstərdik ki Ə. Tahirzadə, Əlyazmaları İnstitutunda B-589/10505 şifrə altında saxlanılan əlyazmadan istifadə etmiş, oradakı maddeyi-tarixlərdən ikisi istisna olmaqla, yerdə qalanlarinı kitabına daxil etmişdir. Həmin əlyazmanın 51b – 52a səhifələrində hansısa “Məhəmmədiyyə” kitabından götürülmüş və Şəki xanı Məhəmmədhüseyn xanın aqibəti barədə olan çox maraqlı bir hekayət də var ki, Ə. Tahirzadə nədənsə, bunu da kitabına daxil etməmişdir. Yeri gəlmişkən, həmin hekayəti, vaxtilə biz transliterasiya edərək “Şəkinin-səsi” qəzetində vermişik.
Əgər söhbət Şəkinin tarixinə dair 19-cu əsr və 20-ci əsrin əvvəllərinə aid qaynaqlardan gedirsə, yaxşı olardı ki, Hüseyn Əfəndiyevin qələmə aldığı «Şəki, yainki Nuxu şəhərinin tarixi» adlı məqalə, Rəşid bəy Əfəndiyevin çap etdirdiyi «Nuxa qəzasında olan asar-e ətiqələr haqqında» adlı bir neçə səhifəlik kitabçanın mətni də ora daxil edilərdi. Yeri gəlmişkən, bu iki əsərdən birincisi, M. Adilov və İ. Əlizadənin transliterasiyası ilə 1991-ci ildə “Tarix” qəzetində, ikinci isə bizim tərəfimizdən edilən transliterasiya ilə «Şəkinin səsi» qəzetində (ixtisarla) dərc olunmuşdur. Məhz, ikinci mənbədən məlum olur ki, indi elmi ədəbiyyatda «Dəhnə kitabəsi» adı ilə tanınan və Gürcüstan muzeyində saxlanılan daş, əslində Həzrə kəndindən aparılmışdır.
Kitabda verilmiş «Şəki keçmişdə və imdi» yazısının müəllifi doğrudanmı «ispalkom Ələşrə»fdir? Hesab edirəm ki bu nəsə, bir az müəmmalı məsələdir. Ə. Tahirzadə özü 81-ci səhifədə göstərir ki, «ispolkm Ələşrəf» aşağı təhsillidir! Lakin əsərə diqqət yetirdikdə isə əksinə, onun çox savadlı bir şəxs tərəfindən qələmə alındığını görürük.
Kitabda verilmiş Mirabbas Mirbağırzədənin “Şəki qəzasında hökmranlıq tarixi”ndə və Ələşrəf Kərimovun (İsmsyılovun) “Şəki keçmişdə və imdi” sində İsmayıl xanın ölümünə dair, məzmunu tarixi faktlara uyğun gəlməyən sətirlər var (Müvafiq olaraq 168 və 195-ci səhifələr). Bu yanlışlıqlar, Şəkinin tarixinə dair digər gələcək tədqiqat işlərinə yol tapmasın deyə, lazım idi ki, Ə. Tahirzadə həmin müəlliflərin bu barədə yazdıqlarını səhifə altında təkzib edərdi. Məsələn, belə: İsmayıl xanın müəmmalı ölümü barədə bir çox şayiələr yayılmışdır; əgər, Şamaxı xanı Mustafa xan, onun ruslar tərəfindən öldürülməsini iddia edirdisə, ruslar isə öz növbələrində onun, bacısı Sara xanım tərəfindən zəhərlənməsindən şübhələnirdilər. Həqiqətdə isə İsmayıl xan qızdırma içində, yorğan-döşəkdə bir həftə yatdıqdan sonra öz əcəli ilə ölmüşdür, onun nəşini isə İrana yox, Kərbəlaya göndərmişdilər.
Ərəb əlifbasından transliterasiya edilmiş mətnlərdə bəzi sözlərin köhnə yazılış formaları saxlanılmış, bəzi sözlərinki isə yox. Məsələn, “çox” sözü “çoq” kimi verildiyi halda, heç bir yerdə “sonra” əvəzinə “sonqra”ya təsadüf etmirik. Yaxşı olardı ki, bütün sözlər, imkan daxilində müasir orfoqrafiya qaydalarına uyğunlaşdırılardı. Belə ki sözlərin oxucuya tanış olmayan köhnə yazılış variantları, oxucu üçün qiraət zamanı çətinlik yaratmaqdadır.
Kitabın mətni bir çox yerdə əyri (kursiv), qalın (jirnıy) və altı xətli (podçerktnutıy) həriflərlə yığılmışdır ki, biz çox halda bunun mənasını, yaxud səbəbini tapa bilmədik. O cür tərtibat da qiraəti çətinləşdirir.
Nə isə... Sonda, Azərbaycan elminin bugünkü durğunluq dövründə, şəxsi təşəbbüs və şəxsi vəsait hesabına Şəki tarixinə dair belə gözəl bir kitabı ortaya çıxartdıqlarına görə müəllif Ədalət müəllimə, naşir Nazim müəllimə və bu işdə zəhməti olan digər şəxslərə bütün şəkililər adından təşəkkür edirik.
2006
Aydın Məmmədov