Şərəfəddin Əli Yəzdinin "Zəfərnamə" əsərində Şəki haqqında məlumatlar
Müəllif Yəzd şəhəri yaxınlığında anadan olub. Təvəllüd ili bilinmir. Vəfatı isə 1454-cü ildir. 1419-cu ildə Fars hakimi İbrahim sultanın (Əmir Teymurun oğul nəvəsi və Sultan Şahruxun oğlu) sarayında xidmət edərkən bu əsərini yazmaq üçün ondan tapşırıq alıb. Belə ki İbrahim sultan həmin vaxt babası Əmir Teymur haqqında məxsusi bir kitab yazdırmaq fikrinə düşmüşdü. Bu məqsədlə, lazım olan bütün sənəd və yazılı materialları bir yerə toplatdırmaqla yanaşı, bəzi hadisələrin sağ qalmış iştirakçılarını sarayına dəvət edib onların şəhadətlərini də yazıya köçürtdürmüş və bütün işi ümumiləşdirməyi, yəni lazım olan əsəri tərtib etməyi isə məhz, Ş. Ə. Yəzdinin öhdəsinə buraxmışdı. Kitabın yazılma prosesində, hansısa hadisənin təsvir edilməsi zamanı, nəsə, mübahisəli bir şey olsa idi, İbrahim sultan təcili surətdə böyük şəhərlərə çaparlar göndərib həmin məsələni dəqiqləşdirmək üçün Əmir Teymurun başqa zamandaşlarının da köməyindən faydalanar və həm də, yazdırdığı kitab üçün əlavə məlumat toplatdırarmış. “Zəfərnamə”dəki bəzi şərhlər isə Ş. Ə. Yəzdinin şəxsi müşahidələrinə əsaslanmışdır. Əsər 1424/25 (– h. 828) ci ildə tamamlansa da, müəllif tərəfindən redaktəsi sonrakı üç il ərzində davam etdirilmişdi.
Ş. Ə. Yəzdi söz gedən əsəri 3 “məqalə”dən – yəni 3 cilddən ibarət olmasını planlaşdırmışdı; 1-ci cild – Əmir Teymura, 2-ci cild – Sultan Şahruxa, 3-cü cild isə – İbrahim sultana dair olmalı idi. Fəqət, sonrakı iki cild müəllif tərəfindən ya yazılmamış, ya da, yazılsa da onların orijinal, yaxud surətlərindən heç biri zəmanəmizədək gəlib çatmamışdır.
“Zəfərnamə” 1887 və 1888-ci illərdə, 1-ci və 2-ci hissələr olmaqla Kəlküttədə, daha sonra – 1958-ci ildə, Tehranda çap olunmuşdur.[1] Lakin bu nəşrlər zamanı istifadə edilmiş əlyazma nüsxələrinin heç birində əsərin ümumi həcminin beşdən birini təşkil edən “Müqəddimə” olmadığına görə, təbii ki həmin hissə də çap edilməmişdir. “Zəfərnamə”nin başqa bir, daha mükəmməl nüsxəsinin faksimelisinin – Özbəkistan EA Şərqşünaslıq İnstitutundakı 4472 şifrə altında saxlanılan əlyazmanın, 1972-ci il Daşkənd nəşrində (Ə. Urunbayev tərəfindən çapa hazırlanıb) isə söz gedən çatışmamazlıq aradan qaldırılmışdır.
Elə həmin nəşr əsasında da t. e. doktoru Vaqif Piriyev “Zəfərnamə”dən Azərbaycana aid və digər bəzi maraqlı çıxarışlar edərək, onları dilimizə çevirmiş və bunlar 1996-cı ildə Bakıda kitabça şəklində nəşr olunmuşdur. Biz də söz gedən əsərin, məhz, Daşkənd nəşrindən istifadə etmişik. Gətirdiyimiz iqtibasların Azərbaycan dilinə tərcümə edilməsi işi isə bu dəfə bizim zəhmətimizin bəhrəsidir və biz fars dilindən etdiyimiz bütün tərcümələrimiz kimi, burada da orijinaldakı dili, cümlə quruluşunu mümkün qədər saxlamağa daha çox üstünlük vermişik.
Ş. Ə. Yəzdinin “Zəfərnamə”sində təsadüf etdiyimiz Şəkiyə dair hekayətlər, əsasən N. Şaminin eyniadlı əsərindən götürülmə olsa da, müəyyən fərqlərə də malikdir və hər ikisindəkilər bizim üçün ayrı-ayrılıqda əhəmiyyət kəsb etməkdədir. Belə ki N. Şaminin məlumatları: əksər hallarda bir narrativ mənbənin verdiyi informasiya kimi, Ş. Ə. Yəzdinin yazdıqları isə: birincinin yoxlanılmış və daha da zənginləşdirilmiş redaktə variantı kimi əhəmiyyət daşıyır.
M Ə T N – Şəkiyə dair iqtibaslar
(fars dilindən tərcümə edən: Aydın Məmmədov)
Elə ki hümayun məvkibin (–padşah üzəngisi yanında durmaq vəzifəsi daşıyan atlı, yaxud piyada dəstəsi) çadırları [qurulan yer[2]] Şəki vilayəti oldu, Həzrət sahib qiran (–Ə.T.) kafirlərin kökünü kəsmək və çıxarıb atmaq üçün Nüsrət (–zəfər) şüar (– əlamət) ləşgəri dəstə-dəstə buranın hər yerinə göndərdi. Əmir Cahanşah bəzi üməra ilə fərmanın hökmü üzrə bütün ləkzilərə[3] hücum edib qarət elədilər və onlardan bir çoxunu cihad qılıncından keçirdilər; [nəzm:]
Bu kafiri qəza qılıncı ilə axıradək təqib edən
o müzəffər bayraqlı qoşunlara
Qənimət o qədər ki bəlkə hesaba gəlməz,
Qoşunlar apara bildikləri qədər onlardan apardı.
və Əmir [Dərviş Məhəmməd][4] Bərlas, Gərdun şükuh (–dünya qədər, yaxud cəlalla hərəkət edən) qoşunlardan çoxlu güruhla Şəki dağıstanına (– Şəkinin dağlıq yerlərinə) girdilər və camaatın bir hissəsi ki itaət etmək və xilas olmaq yoluna qədəm qoymamış idilər, o dağlarda ələ keçirib əsir və kölə vəziyyətinə saldılar və hər nəyə malik idilər qarət və tarac yelinə verdilər; [nəzm:]
Müzəffər qoşunlar o dağlıq yerlərdə
tarac etmişdilər çoxlu şey,
Düşməni candan məhrum etsələr də
məcbur idilər amma götürsünlər apara bildikləri qədər hələ ki.
və Arğunşah İxtaci və Ramazanxacə, Əsrin zəfər məvkibindən bir dəstə ilə Səkğut[5] vilayətinə tələsib [qətl və əsir və qarətdən istila][6] və mükəmməl qələbə əsərləri zühura çıxardılar; [beyt:]
Hara oldu ki o adlı-sanlı ləşgər,
niyə olmadı qalib, pərvərdigarın köməyi ilə?!
və Əmir Məhəmməd [bəy və][7] Əmir Musa; [beyt:]
Qələbə çələngli,
bütün şirlər cumdu birdən.
Ağcəb vilayətinə yollandılar və o yerləri istila və zəbt hövzəsinə daxil etdilər; [beyt:]
Hər yerdə ki bu hünər zəminindən fənd,
müzəffər etmədimi o qoşunları məgər bu?
və Həzrət sahib qiran, öz mübarək canı və sair firuzi (–zəfər) təsirli ləşkərlərlə Əlbruz (– Qafqaz) dağının ətəyinə gəlib çıxdı. Rəbb tərəfindən göndərilmiş inayətlər[lə yanaşı[8]] gündən-günə artan qüdrət və asimani qüvvətləndirilmiş qoşunlar mənsur bayraqlı əsgərlərin hümayun üzəngisinin nökərinin (–Ə.T.-un) sidq niyyətli qolunun qüvvəsi və hüsn-e etiqadı ilə qəza və cihad [bayrağını] qaldırıb; və ulu dinin nüsrəti, məlun kor kafirlər üçün cahana ah-nalə və təhlil salıb; [nəzm:]
Elə ki cahangir şahın adamları yetişdi,
hər tərəfdən ah-nalə qalxdı.
O yer ki ordusu səadətli toz gətirdi,
din bağının budağında hər zəif ümmət cücərdi.
Dalğalandı din üfqünün ənvər namlı bayrağı
üzə çıxdı kafirlərin zülmət və zəlaləti
və adlı-sanlı əmirlər və fil yıxan, şir ovlayan bahadırlar ki kafirlərin vilayətlərini istila etmək, fəsad və təfriqənin dəfi üçün ətraf və yaxınlara getmiş idilər, bu ziyansızlardan (– ziyan vurmağa qadir olmayan adamlardan) bir çoxunu qəzanın qılıncına tuş gətirib və Onların istinadgah və istehkamlarını ələ keçirib və viran etdirib və zəbt və mənimsənilmə altında bol qənimətlər çıxarıb Qəbələ məkanında ali orduya çatdılar;nəzm:]
Şahın qoşun dəstəsi tutdu çox ölkə və diyar
qala aldı, istehkam yıxdı və öldürdü düşmən.
Ələ keçirib çoxlu qənimətlər saysız-hesabsız,
ali ordu tərəfə fəth küləyi ilə gəldi.
və (ordu) Sorx[ab] qalasını da istila edib və yerlə həmvar düzəldib Sorxab Qarabağı tərəfə gəldi və [Əmir Teymur orduya] o yerdən köç edib Kür çayının kənarına düşmək buyurdu; və fərman-e qəza-ye cərəyan qüvvəyə mindi ki, qamış və çör-çöpdən navallar (– hissələr) hazırlayıb Kür çayı üzərində körpü bağlasınlar; və elə ki, Sahibqiran qazi, mənsur ləşgərlə çaydan keçdi hümayun əzmin yüyəni Bərdə tərəfə dönmüş oldu.[9]
…[Tiflis[10]] şəhəri ki o ölkənin (– Gürcüstanın) taxtgahıdır [Əmir Teymur orduya ora] [düşmək buyurdu[11]] və buradan şikar etməyə geri dönüb Şəki düzlərinə girdi və neçə gün o məhləni iqamət çadırları qurulan yer etdi; və el və vilayət-e Bərtazın istilası üçün Əmir Hacı Seyfəddin və Cahanşah bahadırı müzəffər bayraqlı qoşunlardan bütün üməra və həddindən artıq güruhla basqına göndərdi və Onlar fərmanın hökmü üzrə təcili yola düşüb büsbütün dağ və çöl Bərtazı[12] qarət etdilər və o nahiyələrin el və ulusunu yola çıxarıb sürdülər və Aləm pənahın dərgahına gətirdilər; və [Əmir Teymur] Şeyx Nurəddin Sarıbuğanı həddindən artıq ləşgərlə dağlıq yerlər tərəfə göndərdi və O, elə ki dağlıq yerlərə girdi, Seyid Əli Şəki Orlat o hücumçunun xofundan mülk və malını atıb qaçmaq yolunu tutdu. Şeyx Nurəddin Onun evlərini necə ki düşmənin qəlbi kimi boş [və[13]] xarab etdi və tarac küləyinə verib atəş vurdu; [beyt:]
Və elə ki ondan mühüm asudəlik tapdı,
İqbal kimi ali taxtın ayağına tələsdi.[14]
[Əmirzadə Əmiranşah] Həmən ilin (– 1397, yaxud 1398) payızında, Seyid Əli Orlatdan bir müxalifət şübhələndi ki, ona görə və təhqiq etdirmədən ləşgər çəkdi və Onun vilayətini qarət etdirdi; və elə ki [şahzadənin[15]] ovqatının xarab olması söz-söhbətləri Onun eyş və işrət və qələt-e iltifatında, məmləkətlərinin işlərinin idarə edilməsi və tərtibində çoxalma tapdı, xəbis təbiətli gürcülər[16] ki… onların fəsad və tüğyanı Həzrət sahib qiranın möhkəm qəhr [şüşəsində[17]] cilovlanmış idi, ürəkləndilər; və o müddətdə ki, o həzrət (– Ə.T.) Hindistan yürüşünə buyurmuş idi, cəsarət ayağını mütilik cızığından kənara qoyub, müxalifət başlatdılar; və bu vaxt Sultan Əhməd Cəlairin oğlu [Sultan Tahir[18]] ona itaət edən bir qism camaatla Alıncaq qalasıda idi və Sultan Səncər [bin] hacı Seyfəddin, qəza cərəyan fərmanın hökmü üzrə uzun sürən müddətdə, yenə də o qalanı mühasirə edir və qalanın ətrafı[nı] cəmi tərəflərdən «daşdan bir divar» [halına] gətirmiş idilər. Belə ki bir kəs qaladan bayıra gedə bilməmişdir və bir kəsə [də] bayırdan qalaya yol yoxdur; və istehkam əhli yaxşıca təngə gəlmiş idilər. Bu fürsətdə, qələbə əzmli gürcülər, dinsizləri topladılar və Seyid Əli Şəki, əgər ki islam şüarinda tanınmış idi, onunla əlaqədar ki, Onun vilayətini tarac etmiş idilər, belə ki deyilmiş oldu, [indi O,] gürcülərlə ittifaq etdi və Sultan Tahir ki, mühasirə işinin təzyiqi canına və biçaq sümüyünə [dirənmiş idi[19]], [Onu] xilas etmək əzmi ilə Alıncağa üz tutmuş oldular və Azərbaycan vilayətinə girib, dostluq edənlər (– Seyid Əli Orlat) və düşmənlər (– gürcülər) müsəlman vilayətlərini xarab etməyə əl atdılar; və elə ki Sultan Səncər bu haldan agah oldu, qaladan çəkildi və Təbrizə getdi və vaqiənin surətini Əmirzadə Miranşahın ərzinə yetirdi. Şahzadə öz oğlu Əmirzadə Əbubəkr ilə Sultan Səncər və Hacı Abdulla və Məhəmməd Qəzğun və Şeyx Məhəmməd tavaçi kimi əmirlərə və digər üməraya o fitnə odunu sön-dürmək fərmanı verdi və onların hamısı Alıncaq tərəfə rəvan [oldular[20]]; və elə ki gürcülər Alıncaq istehkamına yetişdilər, Sultan Tahir [Cəlair xəzinəsini də götürüb, yaxın adamlarından ibarət bir dəstə ilə[21]] aşağı düşdü və Onlarla birləşdi; və qalanı Hacı Saleh və Seydi Əhməd Oğulşani və üç nəfər gürcü aznauruna tapşırdılar; və gürcülər böyük üməraya və bahadırlara «aznaur» deyirlər və necə ki onların məqsədləri Sultan Tahiri xilas etmək idi, muradlarının hasil olmasından sonra geri döndülər; və o yaxınlarda da Təbriz ləşgəri Onlara çatdı və qoşunun tərəfləri cərgəyə düzülüb cəngə çıxdı; və necə ki gürcülər qələbə qayəli (–üstün) idilər, Onların aznaurları tərsliyə gəldilər və Təbriz ləşgərinin sağ cinah və sol cinahına hücum etdilər və Seyid Əli Şəki mərkəzdən irəli çıxıb intiqam üçün Əmirzadə Əbubəkrin üstünə getdi. Baxmayaraq ki, cavanbəxt şahzadə bir müjdə (–yeniyetmə) yaşında idi, səbat (–mətanət) ayağını dirəyib [, yəni qaçmayıb] igidlik kamanının bir cübbə (–60 ədədlik ox kisəsi?) oxunu atdı və altmışda zəfər açdı və [belə ki, oxlardan] biri Seyid Əlinin dəbilqsinin zireh ətəyi üzərinə[, yəni zərif hissəyə] getdi və bundan keçib boyun damarına [sancıldı[22]] və o «qorxmaz» həlak torpağı üzərinə yıxıldı: «vəlair və əş-şəl fi əl-müxbir misl əl-əsəd».[23] Amma elə ki gürcülər qalib olmuş idilər və Təbriz ləşgəri qovulub, şahzadə də geri qayıtdı və sağ-salamat bu təhlükəli yerdən kənara çıxdı; və gürcülər [də] öz məkanlarına qayıtdılar.[24]
Bu əsnada Əmirzadə Miranşahın ümərası barədə fərman-e əla sadir oldu ki, gürcülərin müharibəsində ki, Alıncaq ətrafında – hadisə bəyən edilmiş idi, hamısı təqsir etmiş idilər və fərar edib[lər]. Böyük Yirğu Divanında (–hərbi məhkəmədə) soruşdular; Əmirzadə Şahrux və əmirlər fərmanın hökmü üzrə [onları] əmrə tabe olmağa durğuzdular və elə ki sual-cavabdan və təftiş və təhqiqdən sonra halın surətini, necə ki vaqiə olmuş idi, humayun ərzin izzətinə çatdırdılar, Ələtabanın (–Ə. T.un) vacib hökmü çıxdı ki, Hacı Abdulla Abbas və Məhəmməd Qazan üçün dal və qabaq yasaq (– cəza) çubuğu vursunlar və Yəmən Həmzə-ye Əprəddin barədə ki –hamıdan əvvəl qaçmışdı, işarət oldu ki yasağına yetişsin [, yəni öldürülsün] və [yalnız] şahzadələrin xahişi ilə canına aman tapıb, Onun üçün də dal və qabaq çubuğu vurdular və onların hər birindən cərimə olaraq üç yüz at tələb etdilər və Əmirzadə Miranşahın bütün əyan və nökərləri üzrə halın hökmü ilə əllisindən [də] iki yüz-üç yüz at həvalə olunmuşun [üstünə[25]] gəlindi və bütün o atları pənahı zəfər qoşunların piyadalarına qismət etdirdilər; və Əmirzadə Əbubəkr barəsində padşahanə atifət ki, o cəngdə igidlik göstərmiş idi və Seyid Əli Şəkini oxun bir cübbəsi ilə həlak torpağına atıb – əzizlənən və nəvziş siniflərinə ixtisas çəkdi [, yəni əzizlənən və nəvaziş göstərilən şəxslərdən oldu]. Beyt:
Şahdır himayəçi, üzü bu zamandan layiq hörmətə,
qəhr və lütf bəxş etdi hər rəfiqinə. [26]
…necə ki bundan əvvəl Şəki vilayətinin valisi Seydi Əli Orlat, Gürcü ləşgəri ilə ittifaq etmiş idi və Alıncaq qalasının içinə girib və can üstündə[, yəni ölüm ayağında] o nadanlığı edib, belə ki şərh verilmiş oldu, bu vaxtda, Onun oğlu Seydi Əhməd ki [indi] Onun (– Seyid Əlinin) el və vilayətinin əyalət (– bir vahid, yaxud bir hissə) sahibi olmuş idi, atasının cürəti ilə əlaqədar Sahib qiran gərdun aləm xadimlərinin (– Ə. T. un) intiqamına görə təşvişə düşən və rahatlıq tapmayan oldu və Əmir Şeyx İbrahimin Şirvan mülkünə iltica apardı ki, O, [bu hərəkəti ilə də] o həzrətin (– Ə. T. un) bəndələrinin bəndəliyin-də səmimiyyətin artmasına ixtisas səmti tapmış idi. Beyt:
Hər kim bəndəliyin səmimiyyət qandalında,
baş vurdu yüksəyə başıaşağılıqdan.
Şeyx İbrahim padşahanə əhvin ortaya çıxması üçün Onu qədim xilafət taxtının ayağına gətirdi və astana öpmək izzətinə çatdırdı. Seydi Əhməd tabe olmaq zəmininin (– məfhumunun) ədəb dodağı ilə busə verdi və Şeyx İbrahim Onun cərimələrinin əfvini[, yəni ləğv edilməsini] padşahanə mərhəmətlər hamisindən (–Ə. T.-dan) xahiş etdi və Həzrət Sahibqiranın mərhəməti Onun təqsirat «naxış»larını əhv və gözyumma «yazısı» ilə ləğv edib, [Onu] əzizlənmək və nəvaziş siniflərində başıuca etdi və atasının mənsəb və məqamı Ona əta edildi. Şeyx İbrahim çoxlu savəri (– məcburi «bəxşiş») gətirib toy tərtibi ilə məşğul oldu; və toy üçün o qədər at və qoyun kəsmiş idi ki, mətbəxçilər onu bişirməkdə aciz qaldılar və tavaçilər (–orduda yüksək rütbəli əmirlər) onu ləşgərə qismət etdirib (–paylatdırıb) hamısını bişirditdilər və toy günü [hamının həmin bişmiş ətlə təmin olunması işini] bakavullara (– orduda təchizat işi ilə məşğul olan məmurlara) tapşırdılar; və digər bayram vasitələrinin məcmusu onun [, yəni bu tədbirin] özünə daxil idi; və bu peşkəşlərdən sonra canlı ov heyvanları növləri və qulamlar və cariyələr və növbənöv qumaşlar və paltarlar və sənətkar cəbaları (– vergiləri) və silahlar və qeyrilərdən və o cümlədən, altı min at çəkdi…[27]
Həmən qışda – səkkiz yüz ikinci ildə (– noyabr 1399 –fevral 1400) ki, Qarabağ bu ordugahdan nüsrət yuvası idi [Əmir Teymur] gürcülər üzərinə getmək niyyətini gerçəkləşdirmək istədi və [planlaşdırdığı basqında iştirak etmələri və bu basqına hazırlaşmaları üçün] Şeyx İbrahim və Seydi Əhmədə xələt verdi və əzizlənmək və nəvaziş siniflərinə məxsus edərək [geri qayıtmaq[28]] rüxsəti əta etdi və Cahan mütanın (– Ə. T.un) yarlığı (– fərmanı) qüvvəyə mindi ki, o ləşgərin cəmisindən [hər[29]] on nəfərdən üç nəfər on günlük azuqə götürüb Göytüstan (– qüdrətli) məvkibin qulluğunda olsunlar və qalan ləşgər və s.lər həmin yerdə dursunlar; və nüsrət şüar bayrağı bu zaman hifz edib, basqına hazırlıq işi gördürüb bütün şahzadələrlə Onların vilayətinə üz tutdu; və elə ki hümayun nüzul edib Kür çayının sahilində düşərgə qurdular, Ələtabanın lazimi fərmanı çıxdı ki, bütün qayıqları toplayıb çay üzərində körpü bağlasınlar; və «şah və ordu» o körpüdən keçdilər; və Şeyx İbrahim Şirvan ləşgəri ilə Əsrin zəfər mövkibinə qatıldı və Seydi Əhməd də qulluqda oldu; və [hümayun[30]] məvkib o yerdən tərpənib, [Şəkinin ortasından[31]] keçib Xəmşa dərəsi tərəf ki kafirlərin[32] məkanları və sakin olduqları yer idi [ora] rəvan oldu; və o dərənin hamısı cəngəlistan (– sıx meşəlik)…idi
...Aləm müta’ yarlıq qüvvəyə mindi və peşəsi zəfər ləşkərlər on günlik yol[dakı] ağacları dəhrə və balta ilə qırdılar və yol düzəltdilər elə ölçüdə ki beş-altı qoşun biri digərinin yanında gedə bilsin və bu əyyam, iyirmi gün müddətində ara vermədən qar yağır və yüksəkliklərdən yetiıib, müşk kimi [müddət-e[33]]bulud dağ və biyaban üzərində [ağ-appaq] xırda “kafur” hazırlanır və elə ki İslam ləşgəri kafirlərin məhlə və məqamına bədbəxlik aqibəti seyr etdi, firuzə kimi günbəzin altında qaziyanə fikir və təhlilin zümzüməsini saldılar və cihad qılıncı intiqam qınından çıxarılılıb, qarın üzünü ki yer üstünə əsl pərdə tutmuş idi, dinsizlərin qanından, üzü qeyrətli lalə və ərğəvan (– qırmızı bir gül adı) etdilər; hər kim tapılmış oldu, aman tapmadı və hər kim aşkara çıxdı, aşkarda qalmadı və Xəmşa ki o ölmüş məlunların başçısı və [onlardan] faydalanan... (Quran ayəsi) O, idi, acizlik və qorxudan tərk-e xanuman olub fərar... etdirdi; dünya şanlı əsgərlər Onun tələbində Aq su dərəsinədək yüyürdülər və kifayət qədər inək-qoyun və cins mallardan qeyrilərini qənimət götürərlər və elə ki Xəmşa şir şikar edən mücahidlərin qarşısından çaqqal kimi meşənin içinə qaçdı Din pənahın qoşunuı cəhənnəmliklərin evlərini odladı və kəndləri talan və qarətin sər-sər [küləy]i ilə viran qoydular; beyt:
Sakinlər cəhənnəm içində və məskən atəşdə yanıb,
millətin çöhrəsi qazilərin fəthindən odlanıb.
Və necə ki o yoldan azmışların eyşi badəsiz ötüşmürdü və Onların kişi və qadın və uşaqlarıı [da] buna vərdiş etmiş idilər; bu qayə ilə ki, hər kim ölür; beyt:
Vəsiyyətidir ki: mənim ruhum bədənimdən çıxanda,
mey və şənlik olsun və bir də, yaxşı tənəkdən düzəldilmiş tabut!
şərabsız dəfn etdirmirdilər və kafirləri zərərə salmaq və Onların eyşini azaltmaq üçün ki, iqtibas:.. (Quran ayəsi)... ali əmr oldu ta bağat və bostanlaradək Zəfər qərin ləşgərə paylansın və bütün uca dağların hamısına çıxıb şeytan əməli [olan] tənəkləri ki məstedici badə ümidi ilə bəslənmiş idilər əllə məhv etdilər və digər ağacların bəzisıni kəsdilər və bəzisinin qabığını soydular və o yerlərin …və… kilsələr ki ibadət o məhsullarsız qeyri-məqbul, yerlə bərabər etdilər və gündən-günə artan qüdrətin qəribə təsadüfləri: Həzrət sahib qiran, sabiq qış ilində ki Bars ili idi, [həmin vaxt] Hindistan ölkəsi və Dehli və Qanq çayı yerləri və ətrafında qəza edir və bütxanələri dağıdır[dısa] və bu qışda Dovşan ili ki, bir il müddət [hələ] tamam olamayıb, Cürcüstan vilayətində cihadla məşğul idi və kəlisələri dağıdır və..; beyt:…
Sənin Büraq əzmin ki bir kam götürmüşdür Hinddən,
….
Doğrusu ki, əgər İsgəndər oldun, qüdrət atını bu uzunluq və endə min yerə…[çapdın] və əgər daban-dabana ta [günbatan yerin] altınadək …[çıxmaq üçün] mücərrəd əhdin məsafəsinin qətindən kənara çıxmadın; beyt:
Biri üçün yardım zamanı köməkçidir,
onun hekayəti digər halətdir.
Kafirlər Nüsrət bayraqların, Xəmşa dərəsi qəzavatının (oxu: toqquşmasının!) başa çatmasından geri dönən kimi mübarizlər cihad meydanında bir aya yaxın o ölkənən eniş və yoxuşlarını minik heyvanlarının dırnaqlarının ağalıq və istilasına tapşıralar və kafirlərin aznaurlarından və dinsizlərin …[döyüşçülərindən] dən ələ keçənləri od saçan iti qılıncla birdəfəlik, cəhənnəmin dibinə göndərdilər və Onların hakimləri Xəmşa, avara və səsi çıxmayan oldu və kafirlərin diyarı həddindən artıq viranlıq tapdı və o zamanda havanın soyuqluğunun şiddəti həddini keçmiş idi və yollar qarın çoxluğundan keçilməz olmuşdu; nəzm:…
Və elə ki neçə gün müddət keçib və bu vasitə ilə ləşgərlər üçün azuqə tapa bilmədilər və atlar üçün ağac qabıqlarından qeyri yemək qalmadı, beləcə, dördayaqlılardan çoxu tələf oldu, Həzrət sahib qiran qayıtmağa qərar verdi və Kür çayından keçib… [34] [Qarabağdakı düşərgəsinə üz tutdu].
[1] Bu nəşrlə tanış ola bilməmişik.
[2] Mətndə: معُرب şəklində idi və cümlənin müvafiq hissəsini ən yaxşı halda belə tərcümə etmək mümkün idi: Elə ki ərəbləş(diril)miş (–üaxud: ərəbdən dönmüş) Şəki vilayəti hümayun məvkibin çadırları oldu,… Göründüyü kimi ifadə düzgün alınmır – necə ki, vilayət çadır ola bilməz! Lakin Zəfərnamə mətninin bir neçə yerində şablon ifadə: مَضِْرب خِيْام işlədildiyinə görə (Bax: Шарафуддин Али Яздий (1972) səh. 270a; 341b; 352a ). biz dəqiqləşdirə bildik ki, əslində burada da elə – مَضِْرب (– qurulan yer) yazılmalı idi, sadəcə, katib tərəfindən nöqtə və hərəkə xətalarına yol verilmişdir; və bundan başqa, həmin hekayəti Ş. Ə. Yəzdidən öz Rövzət üs-səfa’sına köçürmüş Mirxond da müvafiq yerdə eyni sözün sinonimi olan – نصب işlətmişdir (Bax: ميرخواند، (۱۲۷۱) səh. 45).
[3] N. Şamidə: ta ləkziləri (–ləzgilər yaşayan yerlərə qədərki əraziləri, yaxud ləzgilər yaşayan yerləri də) qarət etsinlər. Mümkündür ki, bu hadisə indiki Şəki şəhərindən bir qədər şimalda baş verib. Amma Şəkiyə hücum, payızın sonuna təsadüf etdiyindən Əmir Teymur ləzgilərlə Şəki düzlərində də qarşılaşa bilərdi. Belə ki, məhz, həmin mövsümdə, Dağıstanda yaşayan ləzgilərin bir qismi – əsasən Samur çayının orta hövzəsində məskunlaşanlar, öz qoyun-quzularını Şəki düzlərinə endirirlər. Məsələn, 19-cu əsrin əvvəllərində tərtib olunmuş sənədə əsasən ləzgilər bu iş üçün həmin vaxt Şəki xanına müvafiq vergi də ödəyirlərmiş. (Bax: Камеральное описание жителей города Нухи и Шекинской провинции за 1824 год…, səh. 70) Hal-hazırda Şəki şəhərinin xeyli ləzgi sakini var və Şəki, Oğuz, Qəbələ rayonlaprında da ləzgi kəndləri mövcuddur. Amma Şəki şəhərində yaşayan ləzgilərin əksəriyyəti və Şəki rayonunun bəzi kəndlərində yaşayan bir çox ləzgilər son 30-35 il ərzində Rutul rayonunun (RF, Dağıstan MR) Xnauli (–Xnov) kəndindən köçüb gələnlər, yaxud onların övladlarıdır. Şəki, Oğuz və Qəbələ rayonlarındakı ən köhnə ləzgi kəndlərində yaşayanlardan əksəriyyətinin əcdadlarını isə bura Şəki xanı Məhəmmədhəsən xan (– fasilələrlə hakimiyyətdə olub: 1784 – 1804) Dağıstan, yaxud Quba xanlığı ərazisindən köçürmüşdür.
[4] Kvadrat mötərizə içindəki hissə Tehran nəşrindədir. Daşkənd əlyazmasın-da:Məhəmməd Dərviş.
[5] Mətndə: şəklindədir. Fikrimizcə, bu Zaxur’a (– Orta əsr gürcü mənbələrindəki Tsukuti’yə) – indiki Şəki şəhərindən bir qədər şimal-qərbdə, Samur çayının yuxarı hövzəsində yerləşən tarixi vilayətin adına uyğun gəlir. Mirxondda: (–Zayif) (Bax: ميرخواند، (۱۲۷۱) səh. 45).
[6] Düz mötərizə içindəki hissə Tehran nəşrindəndir. Daşkənd əlyazmasında: istila.
[7] Əlyazmada səhvən: ibn
[8] Kvadrat mötərizə içindəki hissə Tehran nəşrindəndir. Daşkənd əlyazmasında yoxdur.
[9] Шарафуддин Али Яздий (1972) səh. 181b – 182a; Göründüyü kimi bu hadisələr barədə N. Şamiyə nisbətən Ş. Ə. Yəzdidən gətirdiyimiz iqtibas həcmcə xeyli çox olsa da, keyfiyyətcə, heç də o qədər üstün deyil.
[10] Əlyazmada səhvən: Təqlis.
[11] Əlyazmada səhvən yalnız: nozul (–düşmək).
[12] Ola bilsin, bura indiki Şəki şəhərindən 12-15 km. cənubdakı Daş-yüz deyilən ərazidir.
[13] Əlyazmada buraxılıb.
[14] Шарафуддин Али Яздий (1972) səh. 270a/b; Bu dəfə eyni hadisə barədə hər iki müəllifdən gətirdiyimiz iqtibas nə həcmcə və nə də məzmunca bir-birindən o qədər də fərqlənmir. Müqayisə etməyə dəyəsi yeganə şey isə budur ki, Ş. Ə. Yəzdidə olan el və vilayət-e Bərtaz, yaxud dağ və çöl Bərtaz ifadələrinə N. Şamidə tasadüf etmirik.
[15] Əlyazmada səhvən: şah.
[16] 1824-cü ildə tərtib edilmiş siyahıyaalma sənədində Şəki əyalətinin şimal-şərqində ya-şayan provoslav məzhəbli udinlərin miliyyəti «gürcü», qriqoryan məzhəblilərinki isə «erməni» kimi göstərilib.13 O cümlədən, həmin sənəddə Sultan-Nuxa kəndinin (–Qutqaşın mahalı) nə udin, nə erməni və nə də gürcü dilini bilməyən və yalnız türkcə (–oxu: azərbaycanca!) danışan qriqoryan məzhəbli sakinlərinin milliyyəti də «erməni» kimi göstərilir.13. 4 Ona və digər şeylə-rə (–hansılar ki, biz hələ bir qədər sonra bəhs edəcəyik) görə belə bir mülahizə də irəli sürmək mümkündür ki, yuxarıda «gürcü» adlananların bir qismi və ya hamısı bəlkə də gürcü yox, əs-lində, o vaxtlar Şəki ölkəsinin şimalında yaşamış provoslav məzhəbli xristianlar idi.
[17] Əlyazmada yalnız: şüşə
[18] Əlyazmada səhvən yalnız: sultan.
[19] Əlyazmada: dirənib.
[20] Əlyazmada buraxılıb.
[21] Cümlənin bu hissəsi bizim tərəfimizdən, İbn Ərəbşaha istinadən (Bax: səh.66 ابن عربشاه،( ١٢٣٩) ) əlavə edilib. Məqsədimiz hadisəni bir qədər də canlandırmaq, mətni informasiya cəhətdən daha da zənginləşdirməkdir.
[22] Əlyazmada səhvən: gəldi.
[23] Əlyazmada: Bu şir (Kəlilə və Dimnə-dən?), yaxud Əsəd adlı hansıa şəxs haqqında olan ərəbcə ibarədir.
[24] 348b – 349b. شرف الدين على يزدى (١٩٧٢)،
[25] Kvadrat mötərizə içindəki hissə Tehran nəşrindəndir. Daşkənd əlyazmasında yoxdur.
[26] səh. 356a. شرف الدين علىزدى (١٩٧٢)،
[27] səh. 352b ; Bax: qeyd 81. شرف الدين على يزدى (١٩٧٢)،
[28] Kvadrat mötərizə içindəki hissə Tehran nəşrindədir. Daşkənd əlyazmasında yoxdur.
[29] Bax: əvvəki qeydə.
[30] Bax: qeyd 85-ə..
[31] Əlyazmada: Tənşəkidən. Mirxondda: Şəkidən ميرخواند، (۱۲۷۱) səh. 101).
[32] Mətndə: kəbran, yəni “atəşpərəstlərin”.
[34] səh. 354b – 355b. شرف الدين على يزدى (١٩٧٢)،